Bayramov Anar Məhərrəm oğlu

İdarə Heyəti sədri

İdarə Heyətinin sədri

1975-ci ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə orta məktəbi medalla bitirib. Həmin il Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.

Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. ATU Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb.

1998-ci ildə “Case Western Reserve University”-nin (Klivlend, ABŞ) Geriatriya üzrə proqramını bitirib.

Tibb sahəsindəki fəaliyyətini 1998-ci ildə “MediClub” klinikasında həkim olaraq davam etdirib.

2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. Aspiranturanı bitirərək, elmi dərəcə aldıqdan sonra  ATU-nun Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının assistenti vəzifəsində işləyib.

2002-ci ildə tibbi sığorta sahəsinin lider şirkətlərindən biri olan “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində işləməyə başlayıb.

Həmin il şirkətin baş direktorunun müavini, 2004-cü ildə isə baş direktoru təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.

2009-cu ildə “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin sədri təyin edilib. Bu müddət ərzində “A-Group” Sığorta Şirkətində stabil inkişaf, müştəri bazasının genişlənməsi, portfelin effektiv diversifikasiyası, müştəri yönümlü korporativ mədəniyyətin qurulmasına nail olub.

2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin Rəhbəri ictimai vəzifələrində çalışıb.

2010-cu ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının “Turn Around Management” (TAM) proqramının ekspertidir.  

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.

Səhiyyə sistemi, sığorta, maliyyə üzrə onlarla beynəlxalq seminar, konfrans və təlimlərin iştirakçısı olub.

Evlidir, 2 övladı var.