Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən protez-ortopedik məmulatlar və digər reabilitasiya vasitələri ilə təmin edilirlər.
Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabiltasiya vasitələri ilə təmin edilmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının (Bundan sonra - TSEK) qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirməklə (minik avtomobili istisna olmaqla) reabilitasiya vasitələri Agentliyin tabeliyindəki Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada həyata keçirilir.
Reabilitasiya vasitələrinə tibbi-göstərişin müəyyən edilməsi üçün əlilliyi müəyyən olunmuş şəxs ilk növbədə ərazi TSEK tərəfindən müayinə edilir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na müvafiq olaraq ehtiyac duyulan reabilitasiya vasitəsinə tibbi göstəriş müəyyən edilir. Bu barədə qərar Əlillik AS-ə daxil edildikdən sonra əlilliyi müəyyən olunmuş şəxs və ya etibarnamə verilmiş nümayəndəsi Agentliyin tabeliyindəki Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə müraciət edir.
Reabilitasiya vasitələri (protez-ortez, ortopedik ayaqqabı və digər reabilitasiya vasitələri)
• Müvafiq səhiyyə müəssəsi tərəfindən epikriz
• Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarış
• Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti
Eşitmə aparatı
• Müvafiq səhiyyə müəssəsi tərəfindən epikriz
• Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarış
• Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti
• Həkim surdoloqun tibbi rəyi
Təkərli oturacaq
• Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarış
• Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti
• Fərdi reabilitasiya proqramında təkərli oturacaq təminatına göstəriş (Reabilitasiya vasitələri ilə təmin edilmə qaydası müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilməklə, reabilitasiya vasitələrini Agentliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir).
Məlumat +994 12 376 80 11
Protez-Ortez və hazır reabilitasiya vasitələri +994 77 489 90 04
Təkərli oturacaq +994 77 489 90 05
Gəncə filialı +994 77 489 00 14
AR Nazirlər Kabinetinin 501 nömrəli Qərarı
AR Nazirlər Kabinetinin 500 nömrəli Qərarı
AR Nazirlər Kabinetinin 11 nömrəli Qərarı
Ünvan:
POİRM Bakı: Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani 3
PORİM Gəncə filialı: Gəncə şəhəri, Yeni Gəncə, 28 may küç, bina 25
Dövlət tərəfindən avtomobil tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlilliyi olan şəxslərə pulsuz verilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən aşağıdakı səbəblərdən əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda Nazirlik tərəfindən növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına reabilitasiya vasitəsi kimi avtomobil ilə təmin edilirlər:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
- Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar;
- Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar.
Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir.
Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər.
Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda Şəxsin seçimi ilə onlardan biri təyin edilir.
Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir.
Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, II dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya,hiperkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri,II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oynağının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları.Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
Müraciət qaydaları
Yuxarıda qeyd edilən səbəblərdən əlilliyi müəyyən olunmuş şəxs avtomobilə tibbi-göstərişin təyini üçün Agentliyə və ya ərazi üzrə TSEK-ə müraciət edir, daha sonra növbəlilik prinsipi ilə Agentlikdə əyani müayinə edilməklə avtomobilə tibbi göstərişin olması vəziyyəti qiymətləndirilərək müvafiq qərar verilir. Tibbi-göstəriş təyin edildiyi təqdirdə əlilliyi müəyyən olunmuş şəxs TSEK-in müvafiq rəyi ilə Sosial Xidmətlər Agentliyinə müraciət edir.