19.09.2022

18 yaşınadək əlilliyi olan şəxslər üçün hippoterapiya tədbirləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa müalicəsi kursu alan 18 yaşınadək əlilliyi olan şəxslər üçün hippoterapiya (atlar ilə terapiya) tədbirləri davam edir.

Agentliklə Baku GoldenHorse Therapeutic and Educational Center atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiyada əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulunun autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında təsiri böyükdür.

Hippoterapiya tədbirləri reabilitasiya mərkəzlərindəki 100-dən çox 18 yaşınadək əlilliyi olan şəxsi əhatə edib.