21.04.2026

600 əlilliyi olan şəxs "Müstəqil həyat tərzi" proqramı çərçivəsində seanslara cəlb edilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan şəxslərin sosial inteqrasiyasının gücləndirilməsi və reabilitasiyada sosial modelin tətbiqinin genişləndirilməsi məqsədilə icra edilən “Müstəqil həyat tərzi” proqramı davam edir. Ötən ildən etibarən Agentliyin bir sıra reabilitasiya mərkəzlərində tətbiq edilən proqramın əsas məqsədi əlilliyi olan şəxslərin qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi və psixoloji dəstək mexanizmləri vasitəsilə onların aktiv sosial həyata hazırlığının artırılmasıdır.

Proqram çərçivəsində tətbiq olunan yanaşma iştirakçıların psixoloji sorğularının birgə və həll yönümlü şəkildə işlənilməsinə əsaslanır. Bu metodika həm əlilliyi olan şəxslərin fərdi potensiallarını üzə çıxarmağa, həm də real sosial situasiyalarda davranış və fəaliyyət bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Sessiyalar qrup terapiyası modeli üzərində qurularaq bərabər iştirak, qarşılıqlı paylaşım və empatik mühitin formalaşdırılmasına xidmət edir.

 İndiyədək proqram çərçivəsində 100-dən çox qrup görüşü təşkil edilib və ümumilikdə təxminən 600 əlilliyi olan şəxs prosesə cəlb olunub.