8 sentyabr - Ümumdünya Fizioterapiya Günüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslər reabilitasiyanın yeni biopsixososial modelinə uyğun olaraq müasir və effektiv metodlara əsaslanan fizioterapiya xidmətləri ilə təmin edilirlər.
Prezident İlham Əliyevin göstərişi ilə son illər ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. 2019-2021-ci illərdə Nazirliyin 12 reabilitasiya müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub. Ümumilikdə, Agentliyin ambulator, stasionar, onlayn və səyyar formada səmərəli reabilitasiya üsulları tətbiq edən 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu ilin sonunadək Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.