Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.
Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar.
2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir tələblərə uyğun qurularaq istifadəyə verilib. Həmçinin daha bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi inşa edilərək istifadəyə verilib. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq.
Görülən işlər həmin mərkəzlərin potensialını, reabilitasiya xidmətləri göstərilən şəxslərin əhatə dairəsini dəfələrlə genişləndirməyə imkan verib.