Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışan psixoloqlar üçün “Psixiatriyanın əsasları və psixi pozuntuların qiymətləndirilməsi” mövsuzunda təlim proqramına başlanılıb.
Onlayn formada təşkil edilən təlimlər tibb elmləri üzrə fəlsəfə doktoru Cəmilə İsmayılova tərəfindən keçirilir. Proqramın əsas məqsədi reabilitasiya sahəsində əlilliyi olan şəxslərə fərdi yanaşmanın gücləndirilməsi, əməkdaşlarda fərdi reabilitasiya planlarının hazırlanması bacarıqlarının inkişaf etdirilməsi, multidissiplinar komanda çərçivəsində həkim psixiatrla əməkdaşlığın düzgün qurulması, biopsixososial modelə əsaslanan yanaşma üzrə biliklərin təkmilləşdirilməsidir. Təlim müddətində psixiatriya sahəsində nəzəri biliklərlə yanaşı, klinik qiymətləndirmə və reabilitasiya metodları üzrə praktik səriştələrin təkmilləşdirilməsi üzrə məşğələlər keçiriləcək.
Qeyd edək ki, Agentliyin əməkdaşları reabilitasiya sahəsində peşəkar bilik və bacarıqlarının davamlı olaraq təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və müasir yanaşmaların tətbiqi məqsədilə mütəmadi şəkildə yerli və beynəlxalq təlim proqramlarına cəlb olunurlar.