Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Ağlabatan uyğunlaşdırılma” hüququnun tətbiqinin genişləndirilməsinə yönəlmiş sosial layihəni davam etdirir.
Layihə əlilliyi olan şəxslər üçün müyəssər mühitin yaradılması, onların gündəlik həyat fəaliyyətlərini asanlaşdırmaq, sosial həyatda daha fəal iştirakını təmin etmək və bütövlükdə cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyasını dəstəkləmək məqsədini daşıyır.
Əilliyi olan şəxslərin, onların qanuni nümayəndələrinin bu hüquqdan daha fəal şəkildə yararlanmalarına dəstək verməyi, eləcə də mövcud qanunvericilik və onun tətbiq mexanizmləri barədə məlumatlandırmanı artırmağı hədəfləyən layihə üzrə növbəti görüş Agentliyin Şağan Reabilitasiya Pansionatında müalicə kursu keçən əlilliyi olan şəxslərlə keçirilib.
Görüş zamanı Agentliyin İdarə Heyəti sədrinin müşaviri Asif Bədəlov əlilliyi olan şəxslərə “Ağlabatan uyğunlaşdırılma” layihəsinin mahiyyəti, tətbiq mexanizmi barədə məlumat verib.
Əlilliyi olan şəxslərə ağlabatan uyğunlaşdırılma hüququndan istifadə etmək üçün müraciət qaydaları ilə bağlı təqdimat nümayiş etdirilib.
Layihə çərçivəsində ictimai binalarda əlçatanlığın genişləndirilməsi – rampa, lift, tutacaqların, eləcə də əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış sanitar qovşaqların yaradılması ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.