10.12.2025

Azərbaycan və Özbəkistan arasında reabilitasiya sahəsində əməkdaşlıq genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd və Fərqanə şəhərlərinə rəsmi səfər edib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədovun başçılığı ilə təşkil edilən səfərin məqsədi iki ölkə arasında əməkdaşlıq çərçivəsində Nazirliyin Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi ilə 2023-cü ildə imzaladığı Anlaşma Memorandumunun əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər planının icrası ilə bağlı olub.

Səfər çərçivəsində Özbəkistanda reabilitasiya və köməkçi texnologiyalar sahəsində aparılan transformasiya prosesi, tətbiq edilən innovativ həllər və yeni layihələrlə tanışlıq olub.

Nümayəndə heyəti 20 ildən çoxdur Fərqanə şəhərində fəaliyyət göstərən “Sayqal” özəl müəssisəsi və onun istehsalat bölmələrini  ziyarət edib, reabilitasiya vasitələrinə (təkərli oturacaq, skuter, transfer, ortopedik yataq, rollator, hərəkətlik vasitələri, əsa və s.) baxış keçirib.

Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyində və Fərqanədə aparılan görüşlərlə yanaşı, əlilliyi olan şəxslərin sosial müdafiə məqsədilə müraciət etdikləri “İnson” mərkəzi, Milli Reabilitasiya və Protezləşdirmə İnstitutu, onun mərkəzləri və özəl sektora təhvil verilmiş protez-ortopedik zavodu, “OrthoStan” özəl reabilitasiya mərkəzi, uşaqlar üçün 2021-ci ildə istifadəyə verilən “İmkon” reabilitasiya mərkəzi ilə də tanışlıq olub.  

Görüşlər çərçivəsində Özbəkistanın Milli Reabilitasiya Strategiyasının formalaşdırılmasında Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, Yaponiya, Koreya, Türkiyə təcrübələrinin tətbiqi üzrə müzakirələr aparılıb.