30.11.2021

Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar “Həyata gülümsə” adlı tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar “Həyata gülümsə” adlı tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Agentliyin sədr müavini Ramin Rzayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işləri diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması üçün mühüm addımlar atılıb. 2019-2021-ci illərdə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Naftalan, Yevlax, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Şağan və Mərdəkan Reabilitasiya Pansionatları əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Qəbələdə tikilən Uşaq Reabilitasiya Mərkəzinin tikintisi artıq yekunlaşıb və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Növbəti il isə Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzinin açılışı olacaq.

Son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm bazadır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1600 qaziyə reabilitasiya xidmətləri göstərilib.

Qazilərin reabilitasiya vasitələri, yüksək texnologiyalı, elektron protezlərlə təminatı işlərindən və s. də bəhs olunub.

Tədbir əlilliyi olan şəxslərin ifalarından ibarət konsert proqramı ilə davam edib