Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar “Məhdudiyyətləri aşan ürəklər” adlı tədbir keçirilib.
Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Qonaqlar sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri ilə tanış olublar.
Əlilliyi olan şəxslərin ifasında səsləndirilən mahnılar tədbirə xüsusi ab-hava qatıb.
Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin cəmiyyətə daha çox inteqrasiyasına, onların inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına xidmət edir.