“DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə Qədər Kifayətdir?” adlı inklüziv rəqs tamaşasının premyerasını keçirib.
Sürətlə dəyişən dəb, həddindən artıq istehlak və ekoloji təsir kimi aktual qlobal məsələlərə diqqət yönəldən layihə, şəxsi hekayələr, paylaşılan xatirələr və inklüziv bədii ifadə vasitəsilə təqdim olunub. “Nə Qədər Kifayətdir?” tamaşası, 2024-cü il Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) uyğun olaraq hazırlanıb və “Bizə əslində nə qədər lazımdır?”, “Niyə durmadan daha çox alırıq?” kimi sualları ortaya çıxarır.
Qeyd edək ki, “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır” adlı sosial layihə keçirilir. Layihədə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiya əsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə praktiki təlimlər keçirilir.