Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Dünya Bankının missiyası ilə görüş keçirilib. Görüşün məqsədi əlillik və reabilitasiya sahəsində həyata keçirilən dövlət siyasəti, tətbiq olunan sosial model yanaşması və beynəlxalq təcrübənin inteqrasiyası istiqamətində müzakirələrin aparılması olub.
Görüş zamanı Agentliyin İdarə Heyətinin sədr müavini Rəşad Məhərrəmov ölkəmizdə əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, müasir reabilitasiya proqramlarının və infrastrukturunun genişləndirilməsi, sosial inklüzivlik və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərə dair məlumat təqdim edib. Dünya Bankının ekspert qrupu öz növbəsində əlillik və reabilitasiya üzrə qabaqcıl beynəlxalq modellər, yeni yanaşmalar və əməkdaşlıq imkanları barədə fikirlərini bildiriblər.
Tərəflər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, Dünya Bankının ekspert dəstəyi ilə reabilitasiya xidmətlərinin daha da inkişaf etdirilməsi, innovativ həllərin tətbiqi və gələcək birgə layihələrin hazırlanması üzrə müzakirələr aparıblar.