24.06.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Milli Para Trap İdman Atıcılıq Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Milli Para Trap İdman Atıcılıq Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Əməkdaşlıq sənədini Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov və Federasiyanın prezidenti Mirzə Məhəmməd Vəliyev imzalayıblar.

Tədbirdə əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı işləri barədə məlumat verilib. Onların idmana cəlb olunması, idman növləri üzrə bacarıqlarının inkişaf etdirilməsi, habelə idman vasitəsilə cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlərin əhəmiyyəti vurğulanıb.

Ötən ay Vətənmüharibəsi əlilləri və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əməkdaşları arasında təşkil edilən ParaTrap İdman Atıcılıq yarışının keçirildiyi, bu kimi tədbirlərin önəmi qeyd olunub.

İmzalanan əməkdaşlıq sənədi Para Trap atıcılıq idman növünün inkişafı, əlilliyi olan şəxslərin atıcılıq idman sahəsinə maraqlarının artırılması və digər bu kimi tədbirlərin görülməsi sahəsində iki qurum tərəfindən birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Memorandumda beynəlxalq yarışlarda ölkəmizi təmsil etmələri üçün idmançıların yetişdirilməsi sahəsində əməkdaşlıq da əksini tapıb.