Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan şəxslərin sosial inteqrasiyasının gücləndirilməsi və reabilitasiyada sosial modelin tətbiqinin genişləndirilməsi məqsədilə “Həmyaşıd Dəstəyi” proqramının icrasına başlanılıb.
İyul ayından etibarən Agentliyin bir sıra reabilitasiya mərkəzlərində tətbiq edilən proqram real həyat təcrübəsinə əsaslanan dəstək modeli vasitəsilə iştirakçıların psixo-sosial vəziyyətinin inkişafına yönəlib.
Proqramın əsas məqsədi əlilliyi olan şəxslərin psixo-sosial adaptasiya bacarıqlarını artırmaq, həmyaşıd mentorlar yetişdirmək, uğurlu reabilitasiya nümunələrini ictimaiyyətə təqdim etməklə, cəmiyyətdə əlilliyə dair müsbət yanaşmanı və maarifləndirmə yolu ilə sosial inteqrasiyanı gücləndirməkdir.
Proqram çərçivəsində həyata keçirilən maarifləndirici psixoloji görüşlər, seminar və uğur hekayələrinin bölüşülməsi iştirakçıların şəxsi inkişafını və sosial fəallığını artırmaqla yanaşı, onların daxili resurslardan istifadə bacarıqlarını inkişaf etdirir, real həyat təcrübələrinin paylaşılması motivasiya və özünəinamı möhkəmləndirir.
Reabilitasiya prosesini uğurla başa vurmuş 13 əlilliyi olan şəxs həmyaşıd mentorları kimi təlimatlandırılaraq psixo-terapevtik istiqamətdə digər əlilliyi olan şəxslərə dəstək göstərməyə başlayıb. Proqramın icrasının başladığı vaxtdan etibarən isə 60-a yaxın qrup görüşü təşkil olunub və ümumilikdə 130 əlilliyi olan şəxs prosesə cəlb edilib.