22 iyul Milli Mətbuat Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyi olan bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədr müavini Ramin Rzayev sosial sahədə həyata keçirilən islahatların vətəndaşlara dolğun çatdırılmasında yaxından iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirib. O, vətəndaşların daha keyfiyyətli xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da səmərəli əməkdaşlıq ediləcəyini bildirib.
Bildirilib ki, artıq iki ildir ki, digər bayramlarımız kimi, MilliMətbuatGünü də tarixi Zəfərin sevinci ruhunda qeyd edilir. Azərbaycan Vətən müharibəsində tarixi Qələbəsi ilə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirməyi bacarıb.
Görüş zamanı ölkəmizdə əlilliyi olan şəxslərin sosialpsixoloji və tibbi reabilitasiyası sahəsində görülən işlər barədə də məlumat verilib, əlilliyi olan şəxslərin sosial inteqrasiyası, cəmiyyətdə layiqincə təmsil olunması üçün atılan addımlardan danışılıb.
Daha sonra jurnalistlərin təklifləri dinlənilib. Media nümayəndələri əlilliyi olan şəxslərin reabilitasiyası və bir sıra məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.
Sonda KİV nümayəndələrinə Agentliyin fəaliyyətinin işıqlandırılmasında verdikləri dəstəyə görə “Təşəkkürnamə”lər verilib.