Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara dair məlumat verib. Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işləri, qabaqcıl dünya təcrübəsi əsasında tətbiq edilən alternativ reabilitasiya üsullarını diqqətə çatdırıb.
Bildirilib ki, Agentlik tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 103 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Cari ilin 9 ayı ərzində 11.2 min əlilliyi olan şəxs 104 min reabilitasiya vasitəsi ilə təmin edilib.
Qeyd edilib ki, Möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3600-dən çox müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.
İctimai şuranın sədri Elşad Məmmədov və şura üzvləri ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində görülən işlər barədə müsbət fikirlərini bölüşüblər.
Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara, əlilliyin qiymətləndirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.