Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reabilitasiya xidmətlərinin əlçatanlığı və keyfiyyətinin artırılması, eləcə də infrastruktur və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Agentliyin reabilitasiya müəssisələrinin fəaliyyətinə dair iclas keçirilib. İclasda Agentliyin tabeliyində Bakı, Yevlax, Qəbələ, Respublika Reabilitasiya Mərkəzləri, eləcə də Şağan Reabilitasiya Pansionatı, həmçinin 1 və 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzlərinin təsərrüfat-təminat, infrastruktur, avadanlıq, tibbi-texniki təminat, insan resursları və idarəetmə üzrə mövcud məsələlər müzakirə olunub.
İclasda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev ilin yekunları, həyata keçirilmiş fəaliyyətlər, qarşıdakı dövr üçün strateji hədəflər və prioritet istiqamətlər barədə məlumat verib. O bildirib ki, 2025-ci il ərzində reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi, əlçatanlığın artırılması, reabilitasiya infrastrukturunun yenilənməsi, tibbi avadanlıqların modernləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
Ramin Rzayev vurğulayıb ki, qarşıdakı il üçün əsas hədəf reabilitasiya müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, infrastrukturda mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması, heyətin peşəkarlığının artırılmasının təmin edilməsi olacaq.
O, həmçinin reabilitasiya müəssisələrində aşkarlanan çətinliklərin operativ şəkildə həllini təmin etmək üçün aidiyyəti şöbələr arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyini qeyd edib. İdarə Heyətinin sədri qarşıya qoyulan tapşırıqların icrası üçün bütün struktur bölmələrin aktiv və məsuliyyətli şəkildə iştirakı ilə Agentliyin fəaliyyətinin daha səmərəli təşkil olunacağını diqqətə çatdırıb.
İclasın sonunda hər bir reabilitasiya müəssisəsi üzrə məsul struktur bölmələrə müvafiq tapşırıqlar verilib, təxirəsalınmaz və mərhələli şəkildə həlli üçün tədbirlər planının hazırlanması qərara alınıb.