Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev V “Yüksəliş” müsabiqəsinin qalibləri Qoşqar Daşdıyev və İrşad Əsgərxanlı ilə görüş keçirib. Görüş zamanı qaliblər “Yüksəliş” platformasının peşəkar bacarıqlarının artırılmasında və yeni idarəçilik yanaşmalarının formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.
İdarə Heyətinin sədri qalibləri yüksək nəticələr münasibətilə təbrik edərək, onların ölkənin kadr potensialına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib. Ramin Rzayev çıxışında dövlət idarəçiliyində innovativ düşüncəyə, strateji yanaşmaya və liderlik keyfiyyətlərinə malik gənclərin rolunun getdikcə artdığını vurğulayıb.
Görüş zamanı Agentliyin həyata keçirdiyi layihələr və gələcək hədəflər barədə də məlumat verilib, qaliblərin bu proseslərdə mümkün iştirakı müzakirə olunub.
Sonda Qoşqar Daşdıyev və İrşad Əsgərxanlı yaradılan şəraitə və səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər. Qaliblər Agentliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və əldə olunmuş nəticələrə dair müsbət fikirlərini ifadə ediblər.