Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri göstərilən müharibə əlilləri ilə görüş olub.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov, “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu və Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli iştirak edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək proqramından bəhs olunub.
Qeyd olunub ki, bu proqram çərçivəsində Agentliyin reabilitasiya müəssisələrində artıq 2600-a yaxın müharibə əlilinə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.
Həmçinin postmüharibə dövründə 1630 müharibə əlilinə 25671 reabilitasiya vasitəsi verilib, 352 hərbçi (o cümlədən Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 205 hərbçi) isə 367 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.
QHT nümayəndələri müəssisədə əlilliyi olanlara, habelə müharibə əlillərinə göstərilən reabilitasiya xidməti ilə də tanış olublar.
Reabilitasiya kursu keçən müharibə əlilləri diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.