Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olub.
Səfər nazirliyin Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə imzaladığı əməkdaşlıq memorandumu əsasında həyata keçirilib və məqsəd əlilliyi olan şəxslərin, ilk növbədə müharibə veteranlarının, qazilərin və uşaqların reabilitasiyası sahəsində təcrübə mübadiləsinin aparılması olub.
Nümayəndə heyəti Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Sevim Sayım Madakla görüşüb.
Görüş çərçivəsində hər iki ölkənin mövcud reabilitasiya infrastrukturu, reabilitasiya sahəsində qanunvericilik, beynəlxalq əməkdaşlıq, təcrübə və mütəxəssis mübadiləsi, birgə təhsil proqramları və layihələrin təşkili barədə müzakirələr aparılıb.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin “Əlillik və Yaşlılara Xidmət Baş İdarəsi”nin rəhbər heyəti ilə də görüş baş tutub.
Türkiyədə reabilitasiya mərkəzlərinin işinin təşkili, əlilliyi olan şəxslərin reabilitasiya sahəsində normativ-hüquqi bazasının öyrənilməsi, reabilitasiya xidmətlərinin növləri, tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanışlıq, təcrübə mübadiləsi və müzakirələr aparılıb.
Səfər çərçivəsində Nazirliyin tabeliyində olan Sincan Autizm Gündüz Qayğı Mərkəzi, Yeniməhəllə Gözdən əlilliyi olan şəxslərin Reabilitasiya Mərkəzi, Saray Əngəlsiz Yaşam Qayğı, Reabilitasiya və Ailə Məsləhət Mərkəzinə, eləcə də, Nazirliyin əməkdaşlıq etdiyi özəl “MİA Qayğı Mərkəzi”nə ziyarətlər təşkil olunub.
Agentliyin nümayəndə heyəti həmçinin Türkiyədə əlillik təyinatı, əlilliyi olan şəxslərin reabilitasiyası, bu sahədə mütəxəssislərin hazırlanması sahəsiylə tanışlıq məqsədilə Türkiyənin Səhiyyə Nazirliyi, Başkənd Universiteti, Səhiyyə Nazirliyinin tabeliyində Qazilər Fizioterapiya və Reabilitasiya Tədris və Elmi-Tədqiqat Xəstəxanasında və onun protez-ortopedik istehsalat mərkəzi və emalatxanasında, Ankara Böyükşəhər Bələdiyyəsinin Əqli İnkişafında Pozuntular olan Şəxslər Mərkəzində, Əlilliyi olan şəxslər və Reabilitasiya Xidmət Mərkəzində, Əngəlsiz Uşaq Gündüz Qayğı Evini ziyarət ediblər.
Eyni zamanda, Ankara Böyük Şəhər Bələdiyyəsinin təkərli oturacaqların bərpa və təmir emalatxanasında göstərilən xidmətlərlə yaxından tanış olublar.