20.07.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya mərkəzində yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya mərkəzində yerli, həmçinin Ukrayna, Litva, Özbəkistan və digər ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq təlim keçirilib.

Bu sahədə nüfuza sahib olan Almaniyanın "Ottobock" şirkətinin nümayəndələri tərəfindən aparılan təlimin əsas məqsədi yüksək texnologiyalı protezlərlə təminat sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsidir.

Təlim zamanı protez-ortez mexaniklərinə ən müasir "C-leg" elektron diz oynağının funksionallığı haqqında məlumat verilib. Təlimin ilkin mərhələsində elektron diz oynağının hazırlanması və təminatı barədə həm nəzəri biliklər öyrədilib, həm də əyani nümunələrlə praktiki məşğələlər keçirilib.

Daha sonra iştirakçılar təlim proqramı əsasında keçirilən imtahanda iştirak ediblər. İmtahan mərhələsini uğurla keçən mütəxəssislərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Mərkəzdə Almaniyanın "Ottobock" şirkəti ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin istehsalı sexi də fəaliyyət göstərir.