29.04.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində “Uşaqlıq dövründə Sağlamlıq, Təhsil, Sosial İnkişaf üzrə baza kursları” (CHED-“Childhood Health, Education and Development” kursları) təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində həkim, psixoloq, müəllim-loqoped, əmək terapiyası üzrə təlimatçılar üçün “Uşaqlıq dövründə Sağlamlıq, Təhsil, Sosial İnkişaf üzrə baza kursları” (CHED-“Childhood Health, Education and Development” kursları) təşkil edilib.

UAFA (Azərbaycana Birgə Yardım Təşkilatı) və Vaşinqton Corctaun Universitetinin dəstəyi ilə təşkil edilən kursların məqsədi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğun inkişaf planının hazırlanması, onların funksional bacarıqlarının qiymətləndirilməsi üçün təlimatçıların müvafiq bilik və bacarıq səviyyəsinin artırılmasıdır. Mütəxəssislərə reabilitasiya xidmətlərinə cəlb olunan şəxslərin inkişaf səviyyəsini müəyyənləşdirmək və müvafiq iş planı hazırlamaq, erqoterapiya və sensor inteqrasiya barədə baza məlumatlar, ABA terapiyası (davranış təhlili) kimi biliklər də öyrədilib.

Amerika, Avstraliya, Xorvatiya, Türkiyə və İsraildən olan mütəxəssislərin iştirakı ilə təşkil edilən kurslar 6 ay davam edib. Kursun sonunda qiymətləndirmə aparılıb və qiymətləndirməni uğurla keçən iştirakçılar Vaşinqton Corctaun Universitetinin sertifikatları ilə təltif olunub.