01.06.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu il 3300-dən çox uşağa xidmətlər göstərilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu il 3300-dən çox uşağa xidmətlər göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin ötən dövründə sağlamlıq imkanları məhdud 3338 uşağa xidmət göstərilib.

Müasir tələblərə uyğun qurulan həmin müəssisələrdə uşaqlar müxtəlif fizioterapevtik prosedurlara cəlb edilir, onların sosial, tədris-peşə yönümlü reabilitasiyası üçün işlər aparılır.

Bakı və ətraf ərazilərdə yaşayan uşaqların Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılması, uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq üçün Agentlik tərəfindən bu günlərdə “Reabilitasiya avtobusu” xidməti də yaradılıb.

Bu kateqoriyadan olan uşaqların ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı işləri də davam edir. Cari ildə sağlamlıq imkanları məhdud 1061 nəfər uşağa 2173 reabilitasiya vasitəsi verilib.

Ötən il Qəbələ rayonunda da Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib və hazırda Agentliyin Bakı və Qəbələdə 3 uşaq reabilitasiya müəssisəsi fəaliyyət göstərir.

Cari ildə Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılıb.