31.10.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində müalicə kursu keçən əlilliyi olan şəxslərin paralimpiyaçılarla növbəti görüşü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində müalicə kursu keçən əlilliyi olan şəxslərin paralimpiyaçılarla növbəti görüşü keçirilib.

Görüşün məqsədi əlilliyi olan şəxsləri paralimpiya idman növləri ilə tanış etmək və onlarda idmana həvəs yaratmaqdır. Görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən keçirilən "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə idmanla inteqrasiyası" adlı layihə çərçivəsində baş tutub.

Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti, I Qarabağ qazisi İlham Məhərrəmov idmanla məşğul olmağın əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin sosial-psixoloji vəziyyətinə müsbət təsirindən bəhs edib. Həmçinin İlham Məhərrəmov paralimpiya idman növləri barədə məlumat verib.

Qarabağ müharibəsi əlili Samir Hüseynov, Kamandan oxatma paralimpiya idman növü üzrə baş məşqçi İlqar Abbasov öz uğur hekayələrini bölüşüblər. Paralimpiyaçı Vətən Müharibəsi əlillərini cəmiyyətə reinteqrasiya üçün idmanla məşğul olmağa dəvət edib.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Elnur Əliyev əlilliyi olan şəxsləri evə təcrid olmamaq üçün idmanla məşğul olmağa səsləyib.