24.02.2025

“Düşüncədən ünsiyyətə” adlı icma əsaslı sosial-psixoloji reabilitasiya tədbiri keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron rayon Saray qəsəbəsində 3 nömrəli tam orta məktəbdə “Düşüncədən ünsiyyətə” adlı icma əsaslı sosial-psixoloji reabilitasiya tədbiri keçirilib.

Buraxılış sinif şagirdlərilə keçirilən görüşdə inkluzivlik və bərabərlik, əlilliyi olan şəxslərə, eləcə də, sosial qayğıya ehtiyacı olan insanlara daha həssas münasibətin göstərilməsi kimi mövzularda söhbət edilib.

Eyni zamanda, şagirdlərlə imtahanqabağı stressə son, özünəgüvən hissinin artırılması, həyəcan, təşviş pozuntusunun aradan qaldırılması, idrak proseslərinin inkişafı mövzularında da müzakirələr aparılıb.

Qeyd edək ki, ötən ildən həyata keçirilən “Düşüncədən ünsiyyətə” layihəsi çərçivəsində bir sıra təhsil müəssisələrində silsilə görüşlər keçirilib.