08.07.2022

Əlillik və reabilitasiya sahəsində görülmüş işlər İctimai Şura və digər QHT nümayəndələri ilə müzakirə edildi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevlə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin yaxşılaşdırılması əsas müzakirə mövzusu olub.

Yeni meyarların tətbiqi ilə tibbi modeldən sosial modelə keçidin əhəmiyyəti vurğulanıb. Həmçinin əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, beynəlxalq təcrübəyə əsaslanan və tətbiq olunan yeni meyarlara uyğun olaraq, əlilliyin təyinatı orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında aparılacaq.

Vətən müharibəsi iştirakçılarının əlilliyinin qiymətləndirilməsi prosesinin də operativ, şəffaf və məsuliyyət prinsipləri əsasında aparılır. Bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində gələcək hədəflərdən söhbət açılıb.

Nazirlik yanında İctimai şura üzvləri və digər qeyri-hökümət təşkilatlarının nümayəndələri keçirilən ictimai müzakirələrin əhəmiyyətini diqqətə çatdırıblar.