Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa müalicəsi kursunda olan əlilliyi olan şəxslər üçün hippoterapiya (atlar ilə terapiya) tədbirləri davam edir.
Agentliklə Baku GoldenHorse Therapeutic and Educational Center atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiya bu dəfə Agentliyin uşaq reabilitasiya mərkəzlərində müalicə alan şəxslər üçün təşkil olunub.
Həftədə iki dəfə keçirilən hippoterapiyada (atlar ilə terapiya) əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.
Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, həmçinin əlilliyi olan şəxslərin ümumi psixoloji vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə də xidmət edir.
Eyni zamanda, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında atlarla terapiyanın təsiri böyükdür.
Hippoterapiya tədbirləri reabilitasiya mərkəzlərindəki artıq 30-dan çox şəxsi əhatə edib.
Hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhərində iki, Qəbələdə bir Uşaq Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İlin sonuna kimi daha bir uşaq reabilitasiya mərkəzi Şəmkirdə istifadəyə veriləcək.