Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müalicə kursu keçən əlilliyi olan şəxslərin paralimpiyaçılarla görüşü keçirilib.
Görüşün məqsədi əlilliyi olan şəxsləri paralimpiya idman növləri ilə tanış etmək və onlarda idmana həvəs yaratmaqdır. Görüş "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən keçirilən "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə idmanla inteqrasiyası" adlı layihə çərçivəsində baş tutub.
Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti, I Qarabağ qazisi İlham Məhərrəmov idmanla məşğul olmağın əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin sosial-psixoloji vəziyyətinə müsbət təsirindən bəhs edib. Həmçinin İlham Məhərrəmov paralimpiya idman növləri barədə məlumat verib.
1 qat Paralimpiya, 3 qat Dünya, 1 qat Avropa Çempionu, Dünya rekordçusu Oloxan Musayev və 2020-ci il Tokio Paralimpiya oyunlarının çempionu, Avropa, Dünya, Paralimpiya rekordçusu Elvin Aslanov öz uğur hekayələrini bölüşüblər. Paralimpiyaçılar Vətən Müharibəsi əlillərini cəmiyyətə reinteqrasiya üçün idmanla məşğul olmağa dəvət ediblər.