25.10.2021

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Türkiyə Respublikasının Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkəti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Türkiyə Respublikasının Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkəti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Əməkdaşlıq sənədini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və “Romatem” şirkətinin İdarə Heyətinin sədri Köksal Holoğlu imzalayıb.

Tədbirdə əlilliyi olan şəxslər üçün son illərdə ölkəmizdə yaradılan müasir reabilitasiya infrastrukturu barədə məlumat verilib. Son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verildiyi, bu il isə uşaqlar üçün bölgələrdə iki reabilitasiya mərkəzinin açılacağı bildirilib.

Mərkəzlərdə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılması məqsədi ilə yeni effektiv müalicə prosedurlarının tətbiq olunduğu, postmüharibə dövründə bu tip mərkəzlərin qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatında da xüsusi əhəmiyyəti vurğulanıb.

Türkiyənin “Romatem” şirkəti ilə imzalanan Memorandum reabilitasiya mərkəzlərində göstərilən xidmətlərin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.