Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Novruz bayramı ərəfəsində şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ailəsini ziyarət edib.
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şücaət göstərmiş R.Tağıyev Laçın rayonunun azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Görüş zamanı A.Bayramov Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan olan Ruslan Tağıyevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.