23.04.2026

İlk rübdə əlilliyi olan 4800 şəxsə 247 min reabilitasiya vasitəsi verilib

I rübün sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-mart aylarında əlilliyi olan 4800 şəxsi 247 min reabilitasiya vasitəsi ilə təmin edib.

Qeyd olunan reabilitasiya vasitələrindən 626-sı təkərli oturacaq (o cümlədən 10-u mühərrikli təkərli oturacaq), 543-ü aşağı və yuxarı ətraf protezi, 1006-sı əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 2003 cüt protez və ortopedik ayaqqabı, 482 eşitmə aparatı, 75 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.