15.09.2022

İsrailin "Loewenstein" Reabilitasiya Xəstəxanasının nümayəndə heyəti ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İsrailin "Loewenstein" Reabilitasiya Xəstəxanasının nümayəndə heyəti ilə görüş keçirilib.

İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin missiya rəhbərinin müavini Doron Peer və İsrailin ən böyük və nüfuzlu reabilitasiya xəstəxanasının protez-ortopedik departamentinin nümayəndələrinin iştirak etdiyi görüşdə tərəflər arasında potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ramin Rzayev ölkəmizdə reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyi olan şəxslər üçün yaradılan müasir reabilitasiya infrastrukturu barədə nümayəndə heyətinə məlumat verib.

O, reabilitasiya xidmətlərinin təşkili və qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün görülən işləri diqqətə çatdırıb.

İsrailli protez-ortopedik mütəxəssisləri bu sahədə qarşılıqlı fikir mübadiləsinin aparılmasının, hər iki ölkənin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Loewenstein” Reabillitasiya Xəstəxanasının arasında reabilitasiya sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının qarşılıqlı faydalı olacağını bildiriblər.