01.08.2025

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində reabilitasiya mərkəzlərinin rəhbərləri üçün təşkil olunmuş “Keyfiyyət idarəetməsi üzrə təlimlər” uğurla başa çatıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində Agentliyin xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə reabilitasiya mərkəzlərinin rəhbərləri üçün təşkil olunmuş “Keyfiyyət idarəetməsi üzrə təlimlər” uğurla başa çatıb.

Sözügedən təlimlər ölkəmizdə dövlət qurumları arasında ISO 7101:2023 standartı üzrə rəhbər heyət üçün təşkil edilən ilk təlim proqramı olmaqla, səhiyyə xidmətlərinin keyfiyyətinin idarə edilməsi sahəsində mühüm yenilik kimi qiymətləndirilir.

Təlimlərin əsas məqsədi reabilitasiya sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin bilik və bacarıqlarının artırılması, həmçinin müasir keyfiyyət idarəetməsi yanaşmalarının idarəçilikdə effektiv şəkildə tətbiqinə dəstək olmaqdır.

Təlimlər  ISO 7101:2023 – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemi, ISO 9001:2015 – Keyfiyyətin idarəetmə sistemi və ISO 19011:2018 – İdarəetmə sistemlərinin auditinin keçirilməsi mövzularına həsr olunub. 17-31 iyul tarixlərində baş tutan təlimləri uğurla başa vuran iştirakçılar müvafiq kateqoriyalar üzrə  sertifikatla təltif ediliblər.

Təlimlər mərkəzlərin idarəedilməsində beynəlxalq standartların praktiki tətbiqi və göstərilən xidmətlərin keyfiyyət göstəricisinin daha da artırılması baxımından əhəmiyyətlidir.