Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Koreyanın Əlilliyi olan Şəxslər üzrə Məşğulluq Agentliyinin (KƏŞMA) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, Nazirliyin və Agentliyin müvafiq şöbələrinin rəhbərləri, həmçinin KƏŞMA-nın Peşə bacarıqları inkişafı bürosunun direktoru Ms.Han-younkyoung, Rəqəmsal Təlim Mərkəzinin rəhbəri Ms.Hwang-eunbok və digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Vüqar Məmmədov son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, həmçinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər barədə qonaqlara məlumatlar verib.
Nümayəndə heyəti ölkəmizdə qurulmuş reabilitasiya infrastrukturunu, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin səviyyəsini yüksək qiymətləndirib. Həmçinin, tərəflər arasında mövcud əməkdaşlıq sahələri və bu əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, Koreyanın Əlilliyi olan Şəxslər üzrə Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin peşə hazırlığı, işlə təminatı, onlar üçün zəruri iş şəraitinin yaradılması, iş yerində fərdi yardım xidmətləri və karyera məsləhəti istiqamətlərində fəaliyyət göstərir.