07.07.2021

Serbiyalı nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya müəssisəsində və Şağan Reabilitasiya Pansionatında olublar.

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya müəssisəsində və Şağan Reabilitasiya Pansionatında olublar.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib. Bu il isə daha 3 müəssisənin - Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Dövlət başçısının iştirakı ilə bu il fevralın 25-də açılışı olan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun şərait yaradılıb. 128 palatadan ibarət olan, 250 çarpayılıq Pansionat ildə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə reabilitasiya xidmətləri göstərməyə imkan verir. 1 saylı Uşaq Reabilitasiya müəssisəsi də ən müasir tələblərə uyğun qurulub. Burada sağlamlıq imkanları məhdud uşaqların diaqnostikası, onların reabilitasiya potensialının müəyyənləşdirilməsi, sosial, tədris-peşə reabilitasiyası istiqamətində işlər aparılır. 

Nümayəndə heyəti hər iki müəssisədə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri, tətbiq olunan müalicə prosedurları ilə tanış olublar.