Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışan əmək terapiyası üzrə təlimatçılar üçün Başkent Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən “Erqoterapiya” üzrə ixtisasartırma proqramı başa çatıb.
3 aydan çox davam edən təlimlərdə Agentliyin 30-a yaxın əməkdaşı iştirak edib. Onlayn formada təşkil edilən təlimlərdə erqoterapiyanın tətbiq sahələri, metodologiyası, beynəlxalq standartlara əsaslanan qiymətləndirmə mexanizmləri, sensor inteqrasiya, nevroloji və geriatrik reabilitasiyası mövzuları əhatə olunub.
Proqramı uğurla tamamlayan mütəxəssislər Başkent Universiteti tərəfindən müvafiq sertifikatlarla təltif ediliblər. Dövlət dəstəyi çərçivəsində sertifikat əldə edən ilk erqoterapevt mütəxəssislərin yetişdirilməsi ölkədə erqoterapiya və reabilitasiya xidmətlərinin inkişafı üçün mühüm rol oynayaraq peşəkar kadr ehtiyatının genişlənməsinə əhəmiyyətli təsir göstərir.
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Başkent Universiteti arasında 2023-cü ildə imzalanmış Memorandumda reabilitasiya mərkəzlərində göstərilən xidmətlərin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri əksini tapır.