Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Panisonatında müalicə kursu keçən əlilliyi olan şəxslərin paralimpiyaçılarla görüşü keçirilib.
Görüşün məqsədi əlilliyi olan şəxsləri paralimpiya idman növləri ilə tanış etmək və onlarda idmana həvəs yaratmaqdır. Görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən keçirilən "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə idmanla inteqrasiyası" adlı layihə çərçivəsində baş tutub.
Azərbaycan Boccia Federasiyasinın vitse-prezidenti, I Qarabağ qazisi İlham Məhərrəmov idmanla məşğul olmağın əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin sosialpsixoloji vəziyyətinə müsbət təsirindən bəhs edib. Həmçinin İlham Məhərrəmov paralimpiya idman növləri barədə məlumat verib.
Görüşdə iştirak edən para-poverliftinq idman növünün baş məşqçisi Elşən Hüseynov, Qarabağ Qazisi Elmar Teymurov, "Qarabağ Qazilərinin idmana cəlb olunması" komissiyasının sədr müavini Əfqan Əhmədov və idman mütəxəssisi Murad Nəzərli Vətən Müharibəsi əlillərini cəmiyyətə reinteqrasiya üçün idmanla məşğul olmağa dəvət edib.