01.12.2022

18 yaşınadək əlilliyi olan şəxslərin “Kinderland” uşaq əyləncə mərkəzinə ekskursiyası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslərin “Kinderland” uşaq əyləncə mərkəzinə ekskursiyası təşkil olunub.

3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar keçirilən ekskursiya 18 yaşınadək əlilliyi olan şəxslərin sosial inteqrasiyası, eləcə də özünə xidmət bacarıqlarının inkişafı məqsədilə təşkil edilib. 

Uşaqlar real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirən əyləncə mərkəzində maraqlı vaxt keçiriblər. Burada ziyarətçilərə oyun fəaliyyətləri vasitəsilə öyrənmə bacarıqları təşviq olunur və bu bacarıqlar müxtəlif təcrübələr yolu ilə daimi olaraq aşılanır. 

Uşaqlar əyləncə mərkəzindən xoş təəssüratlarla ayrılıblar.