17.02.2023

Müasir protezlərlə təmin edilmiş müharibə veteranlarının ilk tennis yarışı keçirildi

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əzalarını itirmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı yuxarı ətraf protezləri ilə təmin edilmiş qəhrəmanlarımız arasında ilk dəfə stolüstü tennis yarışı təşkil olunub.

“Heydər Əliyev İli”nə həsr olunan, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı və Stolüstü Tennis Federasiyasının dəstəyi ilə keçirilən yarışda müharibə ilə əlaqədar əlilliyi olan 8 nəfər  mübarizə aparıb.

Yarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri, QHT nümayəndələri, azarkeşlər izləyib.

Maraqlı oyun epizodları ilə keçən yarışın sonunda iştirakçılara sertifikat və medallar təqdim edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlə təminatına başlanıb. Ötən dövrdə 400 hərbçi 417 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. 

Onlar son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edərək, öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək bacarığına sahib olublar. 

Bundan əvvəl isə müasir aşağı ətraf protezləri ilə təmin olunmuş müharibə veteranları arasında futbol yarışları da təşkil olunub.