04.04.2023

Uşaq Reabilitasiya Mərkəzində Dünya Autizm Məlumatlandırma Günü ilə bağlı seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü  ilə bağlı “Autizm xəstəlik deyil, fərqlilikdir”  adlı seminar keçirilib.

Seminarda Rusiya Elmlər Akademiyası, Moskva Dövlət Psixologiya və Sosial Universiteti, Rusiya Xalqlar Dostluğu Universitetinin mütəxəssisləri də iştirak ediblər.

Rusiyalı  mütəxəssislərin də iştirak etdiyi seminarda autizm xəstələrinə göstərilən reabilitasiya xidmətləri ilə bağlı təcrübə mübadilələri aparılıb.

Seminarın keçirilməsində məqsəd bu sahədə birgə təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı genişləndirmək olub.

Mərkəzin direktoru Nərgiz Əliyeva ölkəmizdə əlilliyi olan uşaqlar üçün yaradılan və müasir tələblərə uyğun qurulan reabilitasiya infrastrukturu,  reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişləndirilməsi işləri barədə məlumat verib.

Qeyd olunub ki, yeni reabilitasiya mərkəzlərinin açılması və infrastrukturun müasir standartlara uyğun qurulması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının dəfələrlə artmasına imkan verib.

Seminarda bu mərkəzlərdə autizm xəstələrinə göstərilən reabilitasiya xidmətlərindən bəhs olunub, bu sahədə təcrübə mübadilələrinə, habelə qabaqcıl dünya təcrübələrinin öyrənilməsi və tətbiqinə də xüsusi önəm verildiyi qeyd edilib.

Rusiya Elmlər Akademiyasının mütəxəssisləri Kseniya Qladun, İrada Şvedovskaya, Moskva Dövlət Psixologiya və Sosial Universitetinin əməkdaş Şvedovskiy Yevqeniy, “House of Dreams” mərkəzinin direktoru Vilyam Albert Piters  mövzuya dair məruzələrlə çıxış ediblər. Autizm xəstələrinə göstərilən reabilitasiya xidmətləri ilə bağlı təcrübə mübadilələri aparılıb.

Sonda autizmli uşaqların iştirakı ilə hazırlanan videoçarx nümayiş olunub.

BMT Baş Assambleyasının 2007-ci il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən, 2008-ci ildən hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.  Həmin günün qeyd edilməsi autizmdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.