02.05.2023

Qazaxıstan Tibbi-Sosial Ekspertiza Assosiasiyası və Astana Tibb Universitetinin nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Qazaxıstan Tibbi-Sosial Ekspertiza Assosiasiyasının və Astana Tibb Universitetinin Reabilitologiya və İdman Tibbi kafedrasının nümayəndə heyəti ilə görüş olub.

Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyi olan şəxslər üçün ölkəmizdə yaradılan müasir reabilitasiya infrastrukturu barədə nümayəndə heyətinə məlumat verib.

Görüş Astana Tibb Universitetinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirdiyi “Sosial və peşəkar reabilitasiyanın inkişafı” layihəsi çərçivəsində baş tutub. 

Layihə üzrə qonaqlar Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Bakı Reabilitasiya Mərkəzi və 2 saylı Uşaq Reabilitasiya Mərkəzində olaraq Azərbaycanın əlilliyi olan şəxslərin reabilitasiya və abilitasiyası sahəsində təcrübəsi, reabilitasiya işinin təşkili ilə tanış olublar.

Mütəxəssislər reabilitasiya müəssisələrinin fəaliyyətini yüksək qiymətləndiriblər.