08.06.2023

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində İctima şura üzvləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Görüşdən əvvəl şura üzvləri son illər müasir tələblərə uyğun qurulmuş Mərkəzdə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, onların reabilitasiya vasitələri təminatı sahəsində aparılan işlərlə tanış olublar. Həmçinin burada yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə veteranları ilə görüşülüb.

İctimai şura üzvləri ilə görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Əlilliyin qiymətləndirilməsi sistemində ötən ilin iyul ayından mütərəqqi dünya təcrübəsinə uyğun olaraq tətbiq edilən, əlilliyin üç dərəcə əsasında deyil, orqanizm funksiyalarının itirilməsi faizi əsasında müəyyən olunmasını nəzərdə tutan yeni meyarların üstünlükləri qeyd olunub.

2018-2023-cü illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyi, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin açıldığı diqqətə çatdırılıb.

Görülən işlərin reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verdiyi, qeyd olunan dövrdə 104 min şəxsə reabilitasiya xidmətləri göstərildiyi, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi verildiyi bildirilib. Yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin də istifadəyə veriləcəyi, Ağcabədi və Qubada da belə mərkəzlərin inşasına başlanacağı vurğulanıb.

44 günlük Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində 2 758 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxsə xidmətlər göstərildiyi, 1 928 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 38 615 reabilitasiya vasitəsi verildiyi, həmçinin 420 hərbçinin 438 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edildiyi diqqətə çatdırılıb.

İctimai şuranın sədri Elşad Məmmədov və şura üzvləri ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində görülən işlər barədə müsbət fikirlərini bölüşüblər.

Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara, əlilliyin qiymətləndirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.