30.06.2023

Əlilliyi olan şəxslər üçün ippoterapiya tədbirləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bərpa müalicəsi kursunda olan əlilliyi olan şəxslər üçün ippoterapiya (atlar ilə terapiya) tədbirləri davam edir.

Agentliklə Baku GoldenHorse Therapeutic and Educational Center atçılıq mərkəzinin birgə təşkil etdiyi ippoterapiya Agentliyin uşaq reabilitasiya mərkəzlərində müalicə alan şəxslər üçün təşkil olunur.

İppoterapiya tədbirlərindən 500-ə qədər 18 yaşınadək əlilliyi olan şəxs yararlanıb.

Həftədə iki dəfə keçirilən hippoterapiyada (atlar ilə terapiya) əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, həmçinin əlilliyi olan şəxslərin ümumi psixoloji vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə də xidmət edir.

Eyni zamanda, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında atlarla terapiyanın təsiri böyükdür.