25.08.2023

Kanadada yaşayan Çin təbabəti üzrə fəlsəfə doktoru müharibə iştirakçılarına reabilitasiya xidməti göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində alternativ reabilitasiya üsulu kimi akupunktura proseduru tətbiq edilib.

Bu prosedur Mərkəzdə xidmət alan Vətən müharibəsi iştirakçılarına Azərbaycan əsilli Çin təbabəti mütəxəssisi Həsən Əskərovun təşəbbüsü ilə həyata keçirilib.

Həsən Əskərov Çin Xalq Respublikasının Akupunktura Araşdırma və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Kanadada Çin Təbabəti və Mədəniyyəti Universitetinin fəlsəfə doktoru dərəcəsini alıb. Mütəxəssis artıq 45 ildir ki, akupunktura və alternativ reabilitasiya üzrə xidmət göstərir.

Akupunktura metal iynələr vasitəsilə insan orqanizminin bioloji aktiv nöqtələrinə təsir etməklə aparılan müalicə metodudur. Bu üsul bir çox xəstəliklərin (müxtəlif nevritlər, onurğa sütununun osteoxondrozu, artrozlar, nevroz və s. ) müalicəsində uğurla tətbiq edilir.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslər reabilitasiyanın yeni biopsixososial modelinə uyğun olaraq müasir və effektiv metodlara əsaslanan fizioterapiya və sosial-psixoloji xidmətlərlə təmin edilirlər.