Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onkoloji xəstəliyi səbəbindən əlilliyi olan şəxslər üçün sosial-psixoloji #reabilitasiya xidmətlərinin göstərilməsinə başlanılıb.
#Xərçəng diaqnozu sonrası depressiya halları, təşviş, çarəsizlik və müalicəyə adaptasiya ilə bağlı problemlər müşahidə edilə bilər.
Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin azaldılması və həyat keyfiyyətinin yaxşılaşdırılması, kədər və yalnızlıq hissləri, ölümlə bağlı qayğıların aradan qaldırılması, reabilitasiya prosesinin dəstəklənməsi məqsədini daşıyır.
Eləcə də xərçəng xəstəliyi sadəcə xəstənin özünə deyil, yaxınlarında da emosional çətinliklər yaradır. Bu səbəbdən emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsi, maarifləndirmə məqsədilə onların ailə üzvləri də psixo-maarifləndirmə tədbirləri görülür.
Onkoloji xəstəlik səbəbindən əlilliyi olan şəxslər üçün psixoloji seanslar həm reabilitasiya müəssisəsi daxilində, həm də səyyar və ya onlayn şəkildə həyata keçirilir.
Göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Agentliyin əməkdaşları təlimlərə də cəlb edilib. Təlimlər ilkin psixoloji dəyərləndirmə, onkoloji xəstələrlə sosial-psixoloji reabilitasiya, fərdi psixoterapiyaların və qrupla psixoloji konsultasiyaların təşkil edilməsi və Koqnitiv Davranış Terapiyası mövzularını əhatə edir.
Qeyd edək ki, onkoloji diaqnoz və mürəkkəb müalicə prosesi sadəcə fiziki çətinlikləri yox, eyni zamanda psixoloji və sosial problemləri də bərabərində gətirir.
Tədqiqatlar göstərir ki, yüksək əhvali-ruhiyyə onkoloji xəstəliklərin müalicəsində ən vacib faktorlardan biridir.