23.01.2024

Reabilitasiya xidməti göstərilənlərin illik sayı 7 dəfədən çox artıb

Son illər ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının da tətbiqinə başlanıb.

Sosial sahədə son illər aparılan islahatlar ölkədə müasir reabilitasiya sisteminin qurulması ilə yanaşı, reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsinə də imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel olaraq, 2018-2023-cü illərdə qabaqcıl dünya təcrübəsinə uyğun olaraq robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. kimi reabilitasiya metodlarının da tətbiqinə başlanıb.

Həmçinin stasionar və ambulator xidmətlərlə yanaşı, son illərdə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərinin göstərilməsi təmin edilir.

Beləliklə, qeyd olunan dövrdə aparılan işlər nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ilə nisbətən 7,3 dəfə artaraq 2023-cü ildə 87,7 minə çatıb. Həmin şəxslərə ötən il 883,7 mindən çox xidmət göstərilib.