30.01.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2023-cü ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ildə 50,7 min şəxsə əlillik təyin olunub.  

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Əlilliyin qiymətləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun islahatların 2023-cü ildə də davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə 2022-ci ilin 1 iyulundan tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-ə çatdırılıb. Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb.

2023-cü ildə Agentliyin reabilitasiya mərkəzləri tərəfindən əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla, 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. 

Göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr daha da təkmilləşdirilib. Reabilitasiya xidmətlərinə əlçatanlığı artırmaq üçün səyyar xidmətin əhatə dairəsi genişləndirilib. Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il Agentlik həmçinin 10,5 min nəfər əlilliyi olan şəxsi 91,4 min reabilitasiya vasitəsi ilə təmin edib. 

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərildiyi, həmçinin 460 şəxsin 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunduğu bildirilib.

Son 5 ildə ölkəmizdə müasir reabilitasiya sisteminin qurulduğu, habelə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımların atıldığı, bu sahədə görülən işlər qeyd olunub.

Ötən il dekabrın 1-dən  Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində  fəaliyyətə başlayan Ambulator Reabilitasiya Mərkəzinin (“RehaPoint”) fəaliyyətindən bəhs edilib. Həmin Mərkəz tərəfindən bölgədə yaşayan 120-dək şəxsə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərildiyi, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edildikləri bildirilib. 

2022-ci ildən fəaliyyətə başlayan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində artıq 1232 nəfərə xidmət göstərildiyi də diqqətə çatdırılıb. 

Dövlət başçısının müvafiq Fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinənin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcəyi bildirilib. Bu istiqamətdə aparılan hazırlıq işləri barədə məlumat verilib. 

Mətbuat konfransında jurnalistlərin sualları da cavablandırılıb.