Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən “Düşüncədən ünsiyyətə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Layihənin əsas məqsədi inklüzivlik, bərabərlik meyarlarının artırılması, əlilliyi olan şəxslərlə münasibətin erkən yaşlarda formalaşması, sosial qayğıya ehtiyacı olan insanlara daha həssas davranışın yaranmasıdır.
Layihə çərçivəsində ümumtəhsil müəssisələrində yeniyetmə və gənclər arasında icma əsaslı sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçirilir.
Sumqayıt şəhəri “İstedad” liseyində baş tutan bu dəfəki görüşdə mərkəzin psixoloqları, yoqa və müalicəvi bədən tərbiyəsi üzrə təlimatçılardan, həmçinin əlilliyi olan şəxslərdən ibarət komanda iştirak edib.
Psixoloqların keçirdiyi qrup terapiyasında şagirdlərin imtahanqabağı stresslə mübarizəsi, özgüvən hissinin artırılması, həyəcan-təşviş pozuntusunun aradan qaldırılması, idrak proseslərinin inkişafı mövzularında da təlim keçirilib.