07.06.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Ottobock”, “Össur” və "Metiz" şirkətləri tərəfindən sertifikatlarla təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi protezlə təminat sahəsində fəaliyyətinə görə nüfuzlu “Ottobock” (Almaniya), “Össur” (İslandiya) və "Metiz" (Rusiya) şirkətləri tərəfindən sertifikatlarla təltif edilib. 

Agentlik əlilliyi olan şəxslərin, xüsusilə də əzalarını itirmiş Vətən müharibəsi iştirakçılarının yüksək texnologiyalı yuxarı və aşağı ətraf protezləri ilə təminatı sahəsində hər iki beynəlxalq şirkətlə əməkdaşlıq edir. 

Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Almaniyanın "Ottobock" şirkəti ilə əməkdaşlıq çərçivəsində yüksək texnologiyalı protezlərin istehsalı sexi də fəaliyyət göstərir. Agentlik tərəfindən əlilliyi olan şəxslərə təqdim edilən yüksək texnologiyalı aşağı ətraf protezləri itirilmiş əzanın funksiyalarını 90 faizə qədər bərpa edə bilir.

İslandiyanın “Össur” şirkəti ilə əməkdaşlıq çərçivəsində təqdim edilən yuxarı ətraf protezləri öz funksionallığı ilə seçilir. 

Rusiyanın "Metiz" şirkəti isə aşağı ətraf protezlərin hazırlanmasında istifadə olunan materialların istehsalı sahəsində liderdir.

Qeyd edək ki, postmüharibə dövründə 473 hərbçi 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib.